| TÜSİAD Ermənistanla biznes əlaqələrinin genişləndirilməsi məqsədilə yeni qurum təsis edib
Noyabrın 27-də İstanbulda Sail Halim Paşa Yalısı məkanında Türk Sənaye və İş Adamları Assosiasiyasının (TÜSİAD) rəhbərlik etdiyi Qara Dəniz və Xəzər Dənizi Sahibkarları Konfederasiyası Birliyinin (QXSKB) birinci ümumi assambleyası keçiriləcək. TÜSİAD Erməni Sənaye və İş Adamları Assosiasiyasının nümayəndələrini İstanbula dəvət ediblər. Qeyd olunan birlik TÜSİAD prezidenti Ömər Sabançının təşəbbüsü ilə Xəzər və Qara dəniz hövzəsində yerləşən ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Mənzil qərargahının İstanbulda yerləşməsi nəzərdə tutulan 12 üzvə malik QXSKB-nın yaradılması ilə bağlı qərar bu ilin may və iyun aylarında keçirilən hazırlıq iclaslarında qəbul edilib.
Qurumda Ermənistan Erməni Sənaye və İş Adamları Assosiasiyası ilə təmsil olunacaq. QXSKB-nın assambleyasında assosiasiyanın prezidenti və Türk-Erməni Biznes Şurasının həmsədri Arsen Qazeryanın iştirakı planlaşdırılır. TÜSİAD-ın Brüssel təmsilçisi Bahadır Kaleağasının sözlərinə görə, Ermənistan Qara Dəniz və Xəzər Dənizi Sahibkarları Konfederasiyası Birliyinin üzvü kimi toplantıya rəsmi dəvət alıb.
Türk-Erməni Biznes İnkişafı Şurasının sədr müavini Noyan Soyak TÜSİAD və Türk-Erməni Biznes Şurası arasında 2000-ci ildən etibarən fikir mübadiləsinin aparıldığını bildirib. Noyan Soyakın sözlərinə görə, bu işdə Erməni Assosiasiyasının rəhbəri və Şuranın həmsədrlərindən biri kimi A. Qazeryan iki ölkənin biznes dairələri arasında bir növ körpü rolunu oynayır və TÜSİAD-la sıx əlaqə saxlayır. “Erməni biznesmenləri TÜSİAD-da cərəyan edən bütün proseslərdən xəbərdardır, onlar hətta Sabançı müvafiq qurumun rəhbəri seçilərkən onu təbrik etdilər. Türk və erməni biznesmenlərini bir araya gətirmək üçün şura tərəfindən görüşlər də təşkil olunur”.
Noyan Soyak noyabrın 27-də keçiriləcək tədbirin Türkiyənin öz qonşuları ilə əlaqələrini gücləndirmək məqsədi daşıdığını bildirib. “Ermənistan tədbirə məhz bu müstəvidə dəvət alıb, biz bu tədbiri əvvəlki görüşlərin davamı kimi görürük. Bu tədbirdə türk və erməni biznes dairələrinin əməkdaşlığına dair ikitərəfli danışıqların başlaması mümkündür”. Türkiyədə millətçi qüvvələrə yaxın dairələr isə ermənilərlə iş birliyi qurulmasını dövlətin maraqlarına uyğun olmadığını və bu işdə iştirak edən türk biznesmenlərinin mənşəcə yəhudi və ya erməni əsilli olduqlarını bildirirlər. Millətçi dairələrin fikrincə, məhz bu amil tədbirdə iştirak edən dairələr üçün iqtisadi cəhətdən nə isə vermək iqtidarında olmayan Ermənistanla əlaqələrinin qurulmasını şərtləndirir
News Source: Express.com.az |