Home » General » Davutoğlu və Nalbandyan arasında görüşün keçiriləcəyi “məlum deyil”

Davutoğlu və Nalbandyan arasında görüşün keçiriləcəyi “məlum deyil”

Türkiyə mediası xarici işlər naziri Ahmet Davutoğlunun dekabrın 12-də Ermənistana gözlənilən səfərinə diqqət yönəldib.

Davutoğlunun, Qara Dəniz iqtisadi Əməkdaşlıq Şuasının novbəti toplantısında iştirak etmək üçün Yerevana gedəcəyi xəbər verilib.
Ölkənin aparıcı qəzetləri bu səfərlə bağlı təhlil və xəbərlərə indidən geniş yer veriblər.

” Ermenistan’a olumlu siynal” (“Milliyet”), “Azeri-Ermeni zirvesi olumlu Davutoğlu, Erivan’a gidiyor” (“Zaman”), “Dostluğun önü açık” (“Sabah”), “Davutoğlu’ndan sürpriz ziyaret” (“Hürriyet”) başlıqlı xəbər və şərhlərdə səfərin Qafqaz regionundakı siyasi duruma təsiri, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Ankaranın mümkün addımları müzakirə edilib.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə isə cənab Davutoğlu və Ermınistanın xarici işlər naziri Edvard Nalbandyan arasında hər hansı görüşün keçiriləcəyinin hələ məlum olmadığını deyib.
Təkliflər

Bəzi spekulyasiyalara əsasən, Türkiyə xarici siyasət idarəsinin rəhbəri Ermənistana Qarabağ münaqişəsi ilə bağlı konkret təkliflərlə gedir.

Nüfuzlu “Sabah” qəzetinin iddiasına görə, Ahmet Davutoğlu Yerevanda aparacağı danışıqlarda Ermənistan rəhbərliyinə Ankaranın iki təklifini çatdıracaq.

“Dağlıq Qarabağda 7 Azərbaycan bölgəsinin ən az ikisində işğalı qaldırın” deyən Ankara , “qarşılığında sərhəd qapısını açaq” təklifini verəcək” – Sabah qəzeti yazır.

Lakin Türkiyə tərəfi Ermənistana təqdim olunacaq təkliflərin mahiyyəti barədə açıqlama vermir.

Türkiyə Xarici İşlər Nazirliyindən adının çəkilməsini istəməyən mənbə BBC Azərbaycancaya bildirib ki, indiki məqamda Ahmet Davutoğlunun Ermənistanda ikili görüşlər keçirəcəyi barədə məlumat yaymaq “tələskənlikdir”.
Görüş

“Ahmet Davutoğlunun Ermənistanda ikili görüşlər keçirəcəyi barədə xəbərləri yaymazdan öncə bu səfərin ikili ziyarət məqasədi daşımadığına diqqət yönəltmək lazımdır. Bu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısıdır. Bu mərhələdə toplantının xaricində hər hansı ikili görüşün olub-olmayacağını söyləmək mümkün deyil. Beynəlxalq toplantılarda ikili görüşlər toplantının gedişində qərarlaşdırılır. Belə bir görüş ola da bilər, olmaya da bilər” – XİN-dəki mənbə BBC Azərbaycanya deyib.

Bununla belə, Türkiyə tərəfi bu görüşün reallaşacağı təqdirdə, “uzun zamandan bəri xarici işlər nazirləri arasında üz-üzə keçiriləcək görüş” kimi əhəmiyyət daşıdığını vurğulayıb.

“Bu görüşdə də hər hansı bir spresifik plan, təklif cəhdindən daha çox Türkiyə olaraq regional sülh və sabitliyə yönəlmiş mövqeyimiz, eləcə də ikili əlaqələrə aid məsələlər paylaşılacaq”.

“Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ Ermənistanla müzakirə olunurmu” sualına cavabında mənbə bildirib ki, “Ankara bu məsələni regional təhlükəsizlik, sülh və sabitliyin əldə olunmasının bir parçası kimi görür”.

Lakin Türkiyənin siyasi dairələrində Davutoğlu-Nalbadyan arasında keçiriləcək görüşə münasibət birmənalı deyil.
Azərbaycanın razılığı

Müxalifət çevrələrində belə hesab edirlər ki, bu fəallaşma hakim partiyanin daxili siyasətinə hesablanmış addımdlr.

Türkiyənin ABŞ-dakı keçmiş səfiri, hazırda ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının parlament təmsilçisi Osman Faruk Loğoğlunun fikrincə, Türkiyənin Ermənistanla bağlı son dövrlərdəki fəallığı “seçkilər öncəsi axtarışla” bağlıdır”.

BBC Azərbaycancaya müsahibəsində diplomat deyib ki, “bununla AK parti hökuməti icitmaiyyətə Ermənistanla da görüşürük, onlarla da əlaqələr qurmağa çalışırıq mesajını verir”.

Hakim Ədalət və İnkişaf Partiyası sədrinin xarici siyasət məsələlərindən məsul müavini Mevlüt Çavuşoğlu BBC Azərbaycancaya müsahibəsində vurğulayıb ki, Türkiyə Ermənistanla münasibətlərinə Azərbaycan torpaqlarının işğaldan azad olunması məsləsi üzərindən baxır. “Ermənistanla problemin həlli hər nə qədər bölgədə sülh, sabitlik və iqtisadi inkisaf üçün önəmli olsa da, Azərbaycan sərhədləri daxilində olan Dağlıq Qarabağ və Azərbaycan torpaqlarının işğalı problemi var. Sərhədlərin açılması qərarının ortaq verilməsi üçün Ermənistan, Azərbaycanı razı salacaq addımlar atmalıdır” – Mevlüt Çavuşoğlu əlavə edib.

Türkiyənin erməni diasporası da xarıcı işlər nazirlərinin növbəti görüşünə maraq göstərir.

BBC Azərbaycancaya danışan Erməni-türk Biznes Şurasının (TABDC) təmsilçisi Noyan Soyakın fikrincə, “bu səfər son bir ayda Rusiya, Ermənistan, Azərbaycan və Türkiyə arasında aparılan danışıqlardan sonra yaranmış müsbət atmosferin davamıdır”.

Lakin bununla yanaşı, Noyan Soyak deyib ki, səfər ikitərəfli deyil, beynəlxalq tədbirdə iştirakla bağlı olduğundan “ciddi dəyişikliklər gözləmək doğru olmazdı”.

Türkiyə dövlətinin yüksək vəzifəli təmsilçisi sonuncu dəfə 2008-ci ildə Ermənistanda olub.

Həmin il Türkiyə prezidenti Abdulla Gül Yerevanda Serj Sarkisyanla birlikdə iki ölkə milli futbol komandaları arasında oyuna tamaşa ediblər.

2009-cu ilin aprel ayında isə o zamankı xairici işlər naziri Əli Babacan Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaq üçün Yerevana səfər etmişdi.

Bu səfərdən təxminən 6 ay sonra Sürixdə Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına aparacaq protokol imzalanmışdı.

Lakin Azərbaycanın və ölkə müxalifətinin təzyiqlərindən sonra sərhədlərin açılması prosesi yarıda qalmış və Türkiyə parlamenti protokolları ratifikasiya etməmişdi.

BBC Azerbeycanca

Copyright © 2024 Tabdc.Org Sitemizdeki İçeriklerin Her Hakkı Saklıdır. İzinsiz Kullanılamaz. Akgün Medya

Scroll to top