Ankaradan “sülhün önünü açmaq” təklifi
Türkiyə mediası xarici işlər naziri Ahmet Davutoğlunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün Yerevana etdiyi birgünlük səfərinin rəsmi hissəsindən daha çox təyyarədə jurnalistlərlə söhbətinə geniş yer verib.Bu söhbətdə cənab Davutoğlu, 1915-ci ildə baş vermiş hadisələri “qeyri-insani hərəkət” adlandırıb.
1915-ci ildə baş vermiş hadisələrindən ermənilər “soyqırım”, Türkiyə tərəfi isə “kütləvi köçürülmə prosesi” termini ilə bəhs edir.
Türkiyə mətbuatı, Davutoğlunun Ermənistanla problemlərin həllini nəzərdə tutan təklifini rəsmi Ankaranın “Türkiyə ilə Ermənistan arasındakı tıxanıklığı aşacaq yaradıcı təklif” kimi qiymətləndirib.
“Qeyri-insani hadisə”
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün Ermənistana gedərkən təyyarədə jurnalistlərlə söhbətində Ahmet Davutoğlu tarixi hadisə barədə “sadə yaddaş” deyərək bəhs edib: “Nəhayət olanları bilək. O zaman görəcəyik ki, türk-erməni əlaqələri alman-yəhudi əlaqələri kimi bir keçmişə dayanmır. Hər küçədə bir ortaq iz var. Bunu araşdırmaq lazımdır, ondan sonra isə deportasiyanı ki, onu mən də tamamilə yanlış qərar olaraq görürəm. İttihatçıların ( XIX əsrin sonları, XX əsrin əvvəllərində hakimiyyətdə təmsil olunmuş türkçülük ideologiyasına malik Birlik və Tərəqqi Cəmiyyəti – BBC) etdiyi də doğru bir hadisə deyil – qeyri-insanidir. Deportasiyanı heç bir vaxt mənimsəmirik. Amma o deportasiyadan geriyə doğru tarixi yazınca, bu dəfə bu tərəfdəkilər də erməniləri tamamən vətənə xəyanət edən, dolayısı ilə deportasiyanı haqq etmiş kütlə kimi görən kollektiv şüur ortaya çıxır. Bu iki kollektiv şüuru yıxmaq lazımdır”.
Bakıdan müsbət messajlar
Türkiyə mətbuatının yazdığına görə, Ahmet Davutoğlu, “bununla bağlı Bakıdan da son aylarda müsbət mesajlar alındığını” deyib, lakin bu zaman detallardan bəhs etməyib.
Ahmet Davutoğlu, rəsmi Ankaranın Qafqaz siyasətindən danışaraq deyib ki, Ermənistanla təmaslarda əsas hədəf yalnız sərhədlərin açılması deyil. O, “Türkiyə- Ermənistan münasibətlərinin normallaşdırılmaq, Azərbaycan-Ermənistan əlaqələrinə və Cənubi Qafqazdakı etnik sülhə nail olmaqla gərginliyi azaltmaq, erməni diasporası ilə sıx təmaslar qurub ümumi dil tapmaqla Qafqazda sülhün önünü açmaq” istəyindən danışıb. Nazirin sözlərinə görə, “erməni diasporası ilə dil tapmadan Ermənistan-Türkiyə əlaqərində iş getmir”
“Bu 3 ayaqdan biri axsasa çətinlik olar. Deyək ki, biz sərhədi açdıq,sabah Azərbaycanla Ermənistan arasında müharibə başlasa o zaman sərhədi yenidən bağlamaq məcburiyyətində qalarıq. Ən çətin şey donmuş status-kvonun aysberqini əritməkdir. Problemi həll etmək istəyərkən yeni bir müharibə başlaya bilərsiniz. Buzu bir anda əridim deyərkən buz elə qırılar ki, siz də altında qalarsınız”, – Türkiyənin xarici işlər naziri Ermənistanla münasibətlərin normallaşdırılması planlarından danışarkən deyib.
“Kampaniyaya qarşı kampaniya”
Xarici işlər nazirinin ötən əsrin əvvəllərində baş vermiş hadisələri “qeyri-insani” adlandırması Türkiyədə təhlilçilər tərəfindən maraqla qarşılanıb.
Bu açıqlamadan sonra diqqətlər Ankaranın Ermənistanla siyasətində hansı addımlar atacağına yönəlib.
“Taraf” qəzetindən Amberin Zamana görə, Ahmet Davutoğlunun 1915-ci ildə baş verənlərin insani tərəflərini vurğulaması Ermənistana tərəf addım atılmasının göstəricisi deyil: “1915-ci il hadislərinin insani tərəflərinin vurğulanması, Ermənistanın və diasporanın 1915-ci il hadisələrinin soyqırım kimi tanınması istiqamətində apardığı kampaniyanın qarşısında Türkiyənin mənimsədiyi davranışdır. Son günlərdə mətbuatda görünən budur ki, bu kampaniyaya qarşı Türkiyənin də yürütdüyü bir kampaniya var. Ermənistanla hansısa nöqtədə uzlaşmadan bəhs etmək üçün erkəndir” – təhlilçi jurnalist bildirib.
Xanım Zaman deyib ki, Ahmet Davutoğlunun Edvard Nalbandyanla iki saat sürən görüşünün sonunda “təmaslarımızı sürdürməliyik, səmimi görüşmə oldu” və s. kimi dəyərləndirmə olsa da, əsas mövqelərdə dəyişiklik olmayıb. “Protokollar imzalandıqdan sonra Türkiyə dedi ki, Ermənistan Qarabağdan, işğal etdiyi torpaqlardan geri çəkilməzsə, diplomatik əlaqələr, sərhədlərin açılması məsələsi müzakirə oluna bilməz. Bununla Türkiyə dönüş etdi. Çünki protokollarda Azərbaycana və Qarabağa aid hər hansı maddə mövcud deyildi. Bu təməl mövqe dəyişmədiyi müddətdə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr qurulmasının və ya sərhədlərin açılacağının müzakirə oluna biləcəyinə inanmıram”, – Amberin Zaman əlavə edib.
Erməni-Türk Biznes Şurasından Noyan Soyak “milli azlıqlara qarşı keçmişdə edilənlərin danışılması, müzakirə edilməsi Türkiyə üçün müsbət haldır”, – deyə Ahmet Davutoğlunun açıqlamasını şərh edib. “Münasibətlərdə irəliləyiş yoxdur, amma üçüncü tərəfin iştirakı olmadan ikili görüşün keçirilməsi dioloqun başlanması baxımından müsbət haldır. Tərəflərin problemləri bir-birinə söyləməsi önəmlidir” – Noyan Soyak deyib.
“Ermənistan qatığı üfləyərək yeyir”
Türkiyənin erməni icmasının mətbu arqanı olan AGOS qəzeti Davutoğlunun səfərini “qarşıdakı dövrdə bu tip bir çox görüşlərə, həm də çoxtərəfli və genş tərkibli görüşlərə şahid olacağıq” deyə şərh edib.
Ahmet Davutoğlunun Yerevan səfərində təmsil olunan jurnalist kimi “AGOS”un baş redaktoru Robert Koptaş təəssüratlarını bölüşərək yazıb ki, “2009-cu ildə imzalanan protokolların uğradığı aqibətdən sonra, o gün türkiyəli həmsöhbətlərindən böyük bir siyasi risk aldığını düşünən Ermənistan iqtidarı Ankaranın yeni inisiativi qarşısında “qatığı üfləyərək yeyir”.
“Türkiyə nümayəndə heyətinin Yerevanda gülərüzü bir qonaqpərvərliklə qarşılanması və iki nazirin başbaşa görüşünün gözlənildiyindən uzun sürməsi müsbət mesajlar olsa da, iki nazirin ortaq açıqlama verməməsi, tərəflərin içəridə danışılan mövzularda razılaşmadan uzaq olduğunu göstərdi”, – Türkiyənin erməni mənşəli jurnalisti təəssüratlarını bölüşür.
Yarıda qalmış proses
2009-cu ilin oktyabrında Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində «Diplomatik münasibətlərin təsisi» və «İkitərəfli əlaqələrin inkişafı» protokollarını imzalayıblar.
Birinci protokol diplomatik münasibətlərin qurulmasını nəzərdə tutmuşdu. İkinci protokol hər iki ölkənin parlamentində ratifikasiya olunandan sonra iki ay içində Türkiyə ilə Ermənistan arasındakı sərhədlər açılmalıydı.
Müxalifət və Azərbaycanın təzyiqlərindən sonra sərhədlərin açılması prosesi yarıda qalmış və Türkiyə parlamenti protokolları ratifikasiya etməmişdi.
Ankara, protokolların parlamentdə təsdiqlənməsi üçün Dağlıq Qarabağ probleminin həllinin əsas götürüləcəyini bildirmişdi.