Home » Basında biz » İqdır və Qarsda Ermənistanla Türkiyə sərhədinin açılmasından nə gözləyirlər?

İqdır və Qarsda Ermənistanla Türkiyə sərhədinin açılmasından nə gözləyirlər?

Kars Akyaka – Gyumri Akhuryan sərhədi

Ankara və Yerevan arasında “normallaşma prosesi” davam etdiyi bir vaxtda, Türkiyənin Ermənistanla sərhəd bölgələrinin iş həyatında canlanma müşahidə olunur: yeni istehsal yerləri ve infrastruktur yaradılır. 

İki ölkənin xüsusi təmsilçiləri Serdar Kılıç və Ruben Rubinyan arasında keçirilmiş ilk görüş və qarşılıqlı uçuşlara icazə verilməsi bölgədə ümid əhval-ruhiyyəsi yaradıb, torpaq və evlərin qiymətində artıma səbəb olub, BBC Azərbaycancaya danışan müsahiblər deyirlər.

Bölgənin iş adamları Zəngəzur dəhlizinin reallaşması və Ermənistanla sərhədin açılmasının Türkiyənin kasıb bölgəsi sayılan Şərqi Anadoluda böyük iqtisadi inkişafa təkan verəcəyinə inanırlar.

Yerli media yazır ki, ölkənin ticarət naziri Mehmet Muşun Qars rəhbərliyi və bu bölgənin millət vəkilləri ilə yenicə keçirilmiş görüşündə iki ölkə arasındakı sərhədlərin açılmasından sonra yaranacaq vəziyyət müzakirə olunub. 

İqdır Ticarət Sənaye Odasının rəhbəri Kamil Arslan BBC-yə deyib ki, bölgədə müşahidə edilən bu canlanma vaxtı ilə qazanc yerlərinin məhdud olması səbəbi ilə böyük şəhərlərə gedən iqdırlıları geri qayıtmağa həvəsləndirib. Bu isə əmlak bazarında fəallığa və artıma səbəb olub. 

Ölkənin rəsmi Anadolu xəbər agentliyi də son günlərdə Şərqi Anadolu bölgəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusuna geniş yer verir. Ötən həftə agentliyin ingilisdilli redaksiyası TABDC sədr müavini Noyan Soyakla müsahibə yayımlayıb. Bundan başqa, türk dilli redaksiyası tərəfindən bölgə təmsilçilərinin sərhəd vilayətlərinin iş dünyası nümayəndələri ilə müsahibə və reportajlarına da yer ayrılıb.

Türkiyə Ermənistanla sərhədi Qarabağ münaqişəsinə görə, 1993-cü ilin aprelindən bağlı saxlayırdı. Azərbaycanın torpaqlarını azad etməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Ermənistanla diplomatik əlaqələr yaratmağa və sərhədləri açmağa hazır olduğunu deyib və hər iki ölkə qarşılıqlı olaraq bu yöndə addımlar atmağa başlayıb.

“Torpaq sahələrinin, mənzillərin qiyməti artıb”

İqdır Ticarət-Sənaye Odasının (TSO) rəhbəri Kamil Arslan deyir ki, yaxın vaxtlarda sərhədlərin açılacağına ümidlərin artması ilə vilayətin sənaye bölgəsində infrastruktur yaradılıb: kanalizasiya, su, qaz, elektrik xətlərinin qurulması da daxil, bütün lazımi hazırlıqlar başa çatdırılıb, bir neçə yeni sərmayəçi qəbul edilib.

İqdırda Türkiyəni Ermənistana avtomobil yolu ilə birləşdirən Alican sərhəd keçid-məntəqəsi yerləşir.

“Təkrar emal, tekstil, tibbi, inşaat materialları kimi bir çox sahələrdə yeni fabriklərimiz qurulur. Əvvəlki illə müqayisədə yeni müəssisələrin sayında 100 faiz artım olub. Zəngəzur dəhlizini istifadə edərək buradakı ixracatçılarımızın, logistika şirkətlərimizin fəaliyyətinə geniş imkanlar açılacaq. Çünki Çinlə olan yükdaşıma İqdır ərazisindən keçir”, – BBC News Azərbaycancaya müsahibəsində cənab Arslan deyib.

Kamil Arslana görə, uzun illər bölgədə iş imkanlarının məhdud olması səbəbindən əhalinin çox hissəsi böyük şəhərlərə miqrasiya edib. Amma koronavirus pandemiyası vəziyyəti dəyişib: 

“Pandemiyadan sonra insanların yaşayış standartı çox düşdüyünə görə, vaxtilə İqdırdan böyük şəhərlərə olan miqrantların geriyə doğru axını var”, – o deyir. 

“Sərhədlərin açılacağına ümidlərin yaranması və İqdırda yeni fabriklər qurulmasına görə vaxtilə buradan gedən və iri şəhərlərdə tekstil və kiçik fabriklərdə çalışmış avtomatlaşdırma mütəxəssisləri geri dönürlər. Geriyə qayıdış vilayətimizdəki torpaq sahəsi və mənzillərə tələbat yaratdığından qiymətlər ən azı 15 faiz artıb”, – Kamil Arslan əlavə edib.

Ani Harabeleri Turkiye – Ermenistan sərhədi

Qarsda görüş

Ermənistanla sərhəd olan digər Şərqi Anadolu vilayəti Qarsda da “normallaşma prosesi”nin başlanması yerli iş dünyasına ümidlər verib.

Türkiyənin Ermənistanla olan və “Şərq Qapısı” adlandırılan Akyaka dəmiryolu sərhədi Qarsda yerləşir.

“Şərq Qapısı”nın qarşıdakı dövrdə fəaliyyəti ölkənin ticarət naziri Mehmet Muşun Qars qubernatoru və bələdiyyə başçısı səlahiyyətlərini icra edən Türker Öksüz və vilayətin hakim AK partidən olan deputatları Ahmet Arslan və Yunus Kılıçla keçirdiyi toplantının əsas müzakirə mövzusu olub. Toplantının detalları ilə bağlı mediaya məlum olan yalnız budur ki, nümayəndə heyəti nazirlə “Ermənistan sərhəd keçid-məntəqəsinin açılması ilə bağlı görülən işlər haqqında” fikir mübadiləsi aparıb.

Qars qubernatorluğunda görüşlə bağlı daha geniş açıqlama vermək istəməyiblər.

Qurumun sözcüsü Seyit Müşteba Erdem BBC News Azərbaycancaya bildirib ki, nümayəndə heyətinin ticarət naziri ilə görüşündə hər hansı açıqlama verilməməsi barədə “təlimat olub”.

“Bu işə yeni başlayırıq. Məsələlər tam dəqiqləşdikdən sonra açıqlama verilə bilər”, – cənab Erdem bildirib.

“Ermənistan bizdən 30 il geridə qalmış durumdadır”

Soyuq iqlimin hakim olduğu Qarsda gəlir sahələrinin məhdud olması üzündən insanların iri şəhərlərə axını yerli əhalinin sayının azalmasına səbəb olub.

Yerli iş dünyasının təmsilçiləri Ermənistanla sərhəd ticarətinin başlanması ilə vilayətdə iqtisadi-sosial canlanma yaşanacağına ümid edirlər. 

“Normallaşma prosesi başlayandan sonra sərhəd qapısının açılmasını gözləyirik. Onsuz da Ermənistan, illərdir, bizim mallara olan ehtiyaclarını Gürcüstan və İran üzərindən asanlıqla təmin edir. Biz artıq bu işləri kimlərinsə pul qazanması ilə deyil, birbaşa özümüzün etməli olduğumuzu düşünürük”, – Qars Sənaye-Ticarət Odasının rəhbəri Ertoğrul Alibeyoğlu BBC News Azərbaycancaya bildirib. 

Cənab Alibeyoğlu deyir ki, sərhədlərin açılması ilə bağlı qərarın verilməsindən sonra dəmiryolu sərhədinə əlavə olaraq Ermənistana avtomobil yolunun açılmasına çalışacaqlar.

“Ermənistan bizdən 30 il geridə qalmış durumdadır. Biz oraya təməl qida, tekstil, tikinti materiallarını ixrac edə bilərik. Normallaşma başladıldığına görə biz burdan payımızı almaq, Qars logistikasının təmin olunmasını istəyirik. Ermənistanın ehtiyaclarının logistikası bölgəmizdən təmin oluna bilər”, – Qars iş adamlarının təmsilçisi sərhəd ticarətinin açılması perspektivlərindən bəhs edərkən deyib.

“Erməni və Azərbaycan əsilli türklər arasında məsafə olacaq”

Ölkə rəhbərlikləri hər nə qədər sülhün əldə olunmasının vacibliyindən danışsalar da, Azərbaycan-Ermənistan arasındakı 30 illik müharibə mühiti xalqlar arasında münasibətləri də gərgin səviyyədə saxlayıb.

Uzun illər ictimai əlaqələrdə özünü göstərən bu gərginliyin fonunda sərhədlərin açılmasından sonra hər iki tərəfdə yerli sakinlərin bir-birlərinə reaksiyaları necə olacaq?

Türkiyənin şərqində, xüsusilə İqdır və Qarsda yaşayan əhali arasında Azərbaycan kökənli vətəndaşların sayının çox olması Ermənistanla ticarət mövzusunda fərqli yanaşmalara da yol açıb.

İqdır Azərbaycan Evi dərnəyinin rəhbəri Serdar Ünsal deyir ki, “Azərbaycan əsilli Türkiyə vətəndaşlarının bu əlaqələri “rahat qəbul etməsi” çətin olacaq.

“Azərbaycan əsilli iqdırlılar ermənilərlə mütləq məsafəli davranacaqlar. Qarşıdakı erməni də Azərbaycan əsilli biri ilə məsafəli olacaq. Erməni üçün Azərbaycanla bağlılığı olmayan Türkiyə vətəndaşı ilə iş daha cəlbedici olacaq. Burdakı kürdlər arasında qarşıdakı yezidi kürdlərlə qohum olanlar var. Onların vasitəsi ilə rahat əlaqə qurulacaq. Ermənistan tərəfdən təşəbbüs göstərən olmasa, inanmıram ki, burdakı Azərbaycan əsilli şəxslər Ermənistanla əlaqələrə maraq göstəsinlər”, – yerli azərbaycanlıların təmsilçisi Serdar Ünsal BBC News Azərbaycancaya danışıb.

Azərbaycan əsilli iqdırlı iş adamı Caferali Taşbağ isə deyir ki, Ermənistan bazarı ticari mənfəət baxımından “kiçik ölkə”dir.

“Sərhədlər açılmadan, oradakı ehtiyacları öyrənmədən Ermənistanın bazarını qiymətləndirmək olmaz. Ermənistanla ikitərəfi ticarət əlaqələrdən daha önəmli olan Zəngəzur dəhlizinin fəaliyyətidir. Çünki həm mənfəəti daha çoxdur, həm də Naxçıvanın Azərbaycanla bağlantısı olacaq. Yük maşınları üçün Orta Asiyaya gedən ana yol açılacaq. Ermənistan olmadan da İqdır üçün ticarət imkanları var idi”,- Caferali Taşbağ deyir.

Erməni diasporu

TABDC-nin sədr müavini R.Noyan Soyak

Türk-Erməni Biznes Şurası (TABDC) hesab edir ki, Erməni diasporu da ikili əlaqələrdə tərəflərdən biri ola bilər. 

TABDC-nin sədr müavini,eyni zamanda Ermənistan sənayeci iş adamlarının Türkiyə təmsilçisi olan Noyan Soyak deyir ki, türk-erməni ortaq müəssisələrinin məhsulları erməni diasporası vasitəsi ilə dünya bazarlarına çıxarıla bilər. 

“Həm Türkiyə, həm Ermənistan, həm də diasporanın birlikdə istehsal edib, dünya bazarlarına çıxara biləcəyi məhsullar, üçüncü ölkələrdə qarşılıqlı əməkdaşlıq edə biləcəkləri layihələr var. Türkiyənin Avropa Birliyi ilə gömrük anlaşması var. Ermənistanın isə Rusiya məkanında ortaq bazarları var. 

Bu iki bazara da qarşılıqlı olaraq inteqrasiya edə bilərlər. Türkiyə Ermənistanla olan ortaq istehsallarını “Türk malı” olaraq Avropa Birliyinə sata bilər, eyni zamanda Türkiyədə hazırlanıb Ermənistanda tamamlanan tekstil malları da Rusiya bazarlarına çıxarıla bilər”, – Noyan Soyak deyib.

TABDC nümayəndəsi xatırladır ki, 2009-cu ildə müddətli bir layihə çərçivəsində Qars və Gümrü fermerleri ortaq pendir istehsal edib satışa çıxarıblar. 

TABDC Britaniyanın “International Alert” qeyri-hökumət təşkilatı və Qafqaz Biznes İnkişafı Şəbəkəsi (CBDN) bir-biri ilə problemi olan ölkələrin ortaq məhsul istehsal etmək imkanlarını müzakirə etmişdi. Bir araya gələn istehsalçılar ən sonda Qafqazın hər yerində oxşar üsulla istehsal edilən məhsul kimi pendir üzərində razılaşmışdılar. 

O zaman media bu müzakirələr barədə yazarkən, bu süd məmulatından “Diplomat pendir” deyə bəhs edirdi.

“Məsələn, Qars və Gümrü istehsalçıları birlikdə belə bir ortaq pendir istehsal edib, Rusiya bazarlarına çıxara bilərlər. Əminəm ki, erməni diaspor təmsilçiləri arasında sərhəd bölgəsində istehsal olunan malların bir çox yatırımcısı və ya alıcısı çıxacaq”, – Noyan Soyak əlavə edib.

Cənab Soyakın fikrincə, Ankaranın “kiçik ölkə” olan Ermənistanla sərhədlərini açmasının Türkiyə iqtisadiyyatı üçün “makro təsiri” olacağı gözlənilmir.

“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası, ilə bağlı məsələdə razılığa gəlindikdən sonra nəqliyyat imkanları o bölgəni hərəkətləndirəcək. Xüsusi ilə bölgədə mövcud olan dəmiryolu vaqonlarla yük daşıyıcılığının yolunu açacaq”, – Soyak bildirib.

Cənab Soyak sərhədlərin açılmasının iqtisadi əlaqələrin başlanğıcı olmadığına diqqət çəkib:

“Onsuz da İstanbulla Yerevanın sərhədi bağlı deyildi. Mütəmadi çarter reysləri və ticarət mövcud olub. Sərhədlərin açılması ən çox Şərqi Anadolu bölgəsinə təsir edəcək. İki sərhədin arxasında bir-birini heç tanımayan, bir-birlərini görməyən iki toplum var. Bu iki toplum qarşılıqlı olaraq tanış olmalıdırlar. Onlar özləri nəyin ticarətini edə biləcəklərini müəyyənləşdirəcəklər”, -TABDC nümyəndəsi əlavə edib.

Yeni bazar gözləntisi

Hakim Ədalət və İnkişaf Partiyasından deputat,Türkiyə-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Şamil Ayrım deyir ki, sərhədlərin nə zaman açılacağı “tərəflərin atacağı diplomatik həmlələrə bağlıdır”.

Parlamentin üzvü əlavə edib ki, xüsusi təmsilçilər Serdar Kılıç və Ruben Rubinyanın 24 fevralda Vyanada keçirəcəkləri görüşün nəticələri “sərhədlərin nə zaman açılacağına aid bir tarix verə bilər”.

Şamil Ayrımın sözlərinə görə, sərhədlərin açılması ilə Türkiyə üçün yeni bazar açılmış olacaq.

“Ermənistan iri həcmli ehtiyaclarını hər zaman başqa ölkələrdən təmin edən ölkə olduğu üçün bölgədə kənd təsərrüfatı, heyvandarlıq, sənaye sahələri canlanacaq.

Artıq indidən bölgədə yeni otel layihələri hazırlanır. Dəmiryolunun açılması və Zəngəzur dəhlizinin Naxçıvan üzərindən Qarsa bağlanması ilə müxtəlif sahələrdə baş verəcək canlanma bölgənin sürətli inkişafına yol açacaq”, -Türkiyə parlamentinin üzvü əlavə edib.

BBC Azərbaycanca

Copyright © 2024 Tabdc.Org Sitemizdeki İçeriklerin Her Hakkı Saklıdır. İzinsiz Kullanılamaz. Akgün Medya

Scroll to top