Erdoğanın bəyanatı “Əliyevi qəzəbləndirəcək”
Türkiyə Baş naziri Recep Tayyip Erdoğan Birinci Dünya müharibəsində Osmanlı ordusu tərəfindən öldürülən ermənilərin nəvələrinə başsağlığı verib.
Ölümlərin 99-cu ildönümü ərəfəsində verdiyi bəyanatda cənab Erdoğan 1915-ci ildə baş verən hadisələri “qeyri-insani” adlandırıb.
Yerevanda mənzillənən Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian BBC Azərbaycancaya deyib ki, bu addım hamı üçün gözlənilməz idi və onda olan məlumata görə, Azərbaycanda heç kimə onun veriləcəyi barədə xəbərdarlıq edilməmişdi.
“(İlham) Əliyev qəzəblənəcək”, cənab Giragosian deyib. “Maraqlıdır ki, bəyanatda Dağlıq Qarabağ haqqında, Azərbaycan haqqında heç nə yox idi”.
Ekspertin fikrincə bu, birbaşa sərhədlərin açılmasına gətirib çıxarmasa da, “bu istiqamətdə gedən daha geniş prosesin bir hissəsidir”.
Türkiyə-Erməni Biznes Şurasının Türkiyə tərəfindən həmsədri Kaan Soyakın sözlərinə görə Baş nazir Erdoğan Türkiyənin “indiyə qədər açıqlamadığı” bir mesajı verib və “buna görə Baş naziri təbrik etmək lazımdır”.
Cənab Soyakın fikrincə, Türkiyə sərhədləri “dərhal” açmalı və bunun ardınca da ortaq tarix komissiyası qurulmalıdır.
“Bununla da 1915-ci il hadisələri ilə bağlı ən ağır yükdən qurtulmalıyıq”, – o BBC Azərbaycancaya deyib.
Cənab Erdoğan öz bəyanatında Türkiyə Respublikasının “hüququn universal dəyərlərinə uyğun hər düşüncəyə yetkinliklə yaxınlaşmağa” davam edəcəyini deyib.
“Lakin 1915-ci il hadisələrinin Türkiyəyə düşmənçilik üçün bir bəhanə olaraq istifadə edilməsi və siyasi qarşıdurma mövzusu halına gətirilməsi də qəbuledilməzdir”.
Diaspor
Ermənistan və erməni diasporu Osmanlı İmperiyası dövründə Anadoluda yaşayan ermənilərin zorla köçürülməsi səbəbi ilə təxminən 1,5 milyon erməninin ölməsinin soyqırım olaraq tanınmasını istəyir.
Richard Giragosianın fikrincə bəyanatın əsas hədəfi elə erməni diasporudur. “Bəyanat (hökümət tərəfindən) səkkiz dildə yayımlanıb, o cümlədən erməni dilinin iki versiyasında – ənənəvi şərqi erməni dili və diasporun istifadə etdiyi qərbi erməni dili. Yəni, bu bəyanatın əsas auditoriyası, əsas hədəfi erməni diasporudur”.
Eyni zamanda cənab Giragosian diasporun reaksiyasının mənfi olacağını güman edir.
Diaspordan başqa əsas iki hədəf isə Ermənistan höküməti və Türkiyədəki daxili siyasətdir, o deyir.
“Erdoğan imicini yumşaltmaq istəyir, çünki prezident olmaq niyyətindədir. Bu bəyanat daha çox Gül üslubunda idi. Bu dəfə alışdığımız sərt Erdoğan danışmırdı”.
Qarabağ probleminin həlli
“Başsağlığı diləmək çox önəmlidir. Bu hadisələrdə yüz minlərlə insan ölüb.”
Kaan Soyak
Kaan Soyak deyir ki, sərhədlərin açılması və tarix komissiyası qurulduqdan sonra da Qafqazdakı problemləri, eləcə də Dağlıq Qarabağ probleminin həllinə çalışmaq lazımdır.
“Qafqaz bölgəsi sülh bölgəsinə çevrilməlidir”, – o deyib.
“Başsağlığı diləmək çox önəmlidir. Bu hadisələrdə yüz minlərlə insan ölüb. Bu insanların nədən öldüyünü ortaq tarix komissiyasinda araşdırılması lazımdır”, – cəanb Soyak bildirib.
Türkiyə höküməti rəsmisinin sözlərinə görə ilk dəfədir ki, Türkiyə baş naziri bu cür açıq başsağlığı verir, Reuters xəbər verir.
Almaniya, Fransa, İsveç, Rusiya 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan 20-ə yaxın ölkələr arasındadırlar. Böyük erməni diasporuna sahib olan ABŞ isə hələ ki, bu siyahıda yoxdur.
Kaan Soyak deyir ki, sərhədləri açaraq komissiya fəaliyyətə başlayarsa, Azərbaycan da nəzərə alınmalıdır.
“Bu zaman Azərbaycanı da unutmamalı və Azərbaycanla Ermənistan arasındakı münaqişənin həlli üçün aktiv çözüm tapılmalıdır”, – o deyir.
Cənab Soyak həmçinin Rusiya faktorunu da unutmamağı tövsiyyə edir: “Münaqişənin həlli Rusiya ilə birlikdə ediməlidir. Çünki Rusiyanin istəyi olmada bölgədə hər hansı addım atılmır”.
Azərbaycandan reaksiyalar
Yeni Azərbaycan partiyasının rəsmisi Mübariz Qurbanlı Türkiyə Baş nazirinin bu addımını “böyük siyasət” hesab edir.
“Tarixdə ermənilərin köçürülməsi məsələsi var və heç kim bunu gizlətmir, bu köçürmə zamanı ermənilərdən ölənlər də olub. Recep Tayyip Erdoğan bu köçürmə zamanı həlak olanların övladlarına baş-sağlığı verib, qondarma soyqırımı inkar edib”, – cənab Qurbanlı belə hesab edir.
Onun sözlərinə görə, bunu Türkiyə höküməti və Baş Nazirinin “başsağlığının arxasında gizlənərək Türkiyə siyasətinə qarşı kəmhövsələlik göstərmək .. düzgün olmazdı”.
Politoloq Elxan Şahinoğlu Baş Nazir Erdoğanın hərəkətini “diplomatik gediş” adlandırıb.
“…(Bu) preventiv addımdır ki, sabah ABŞ və ya dünyanın başqa ölkəsindən Türkiyəyə qarşı addım atılmasın. Addım atılarsa, cənab Erdoğan bunu misal çəkərək deyər ki, siz gərə faktın etirafını istəyirsinizsə, etiraf olmasa da, belə toqquşmaların olduğunu və hər iki tərəfdən tələfat olduğunu inkar etmirəm”.
Qarabağa Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyir ki, cənab Erdoğanın bəyanatına münasibəti mənfidir.
“Ermənilərə güzəştə getməyin əvəzində Türkiyə çox şey itirəcək. Bu cür yumşaq mövqe ilə ona rəvac verirlər ki, ermənilər gələcəkdə hansısa kompensasiya tələb etsinlər”, – o deyir.
Müsavat Partiyasının başqanı İsa Qəmbər hesab edir ki, bu məsələnin “hüquqi müstəvidə deyil, mənəvi müstəvidə, xalqlar arasında anlaşma müstəvisində” həllinə cəhdlərdir.
Cənab Qəmbər deyir ki, Osmanlı imperiyasının ərazisində çox faciəvi hadisələr baş verib və müxtəlif kənar qüvvələrin təsiri ilə müxtəlif hərbiləşmiş dəstələr yaradılıb, insanlara qarşı cinayətlər həyata keçirilib.
“Və o hadisələr zamanı böyük sayda insan təlafatı baş verib, həm türk, həm erməni mənşəli , həm başqa millətdən olan insanlar arasında. Bu hadisələr daha çox erməni sözdə soyqırımı şəklində tarixə aid edilməyə çalışılır və bu hadisələrlə bağlı erməni xalqı daha çox fəaliyyət göstərir” – o deyir.